2014-cü il Azərbaycan Respublikasında
"Sənaye ili" elan edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
E-sənaye portalı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.
Azərbaycanda sənayenin inkişafı

1848-ci ildə dünyada ilk dəfə Bakıda neftin sənaye üsulu ilə hasilatı Azərbaycanda sənayeləşmənin başlanğıcı hesab olunur. XIX əsrin ikinci yarısında neft hasilatının əhəmiyyətli dərəcədə artması sənayeləşmə prosesinə töhfə vermiş, bu da öz növbəsində respublikada neftlə əlaqəli infrastrukturun və sənaye sahələrinin yaranması ilə nəticələnmişdir. XX əsrin ortalarından etibarən sənayeləşmə prosesi regionlara nüfuz etmiş və yeni sənaye şəhərlərinin əsası qoyulmuşdur. Ötən əsrin 70-80-cı illəri ərzində sənayenin inkişafına irihəcmli vəsaitlər yönəldilməyə başladı və çox sayda iri sənaye müəssisələri quruldu. Bunun nəticəsində ölkə iqtisadiyyatında yeni sənaye sahələri yaradıldı və sənayenin diversifikasiyası sürətləndi.

Sovet İttifaqının süqutu və Azərbaycan Respublikası ərazilərinin Ermənistan tərəfindən işğalı ilə başlayan böhran iqtisadiyyatın bütün sahələrinə öz mənfi təsirini göstərdi. Nəticədə sənaye istehsalının həcmi və çeşidi kəskin şəkildə azalmışdır. Ölkədə siyasi-iqtisadi sabitliyin bərqərar olması ilə 1997-ci ildən başlayaraq sənaye istehsalında artım müşahidə edilmişdir.

Müstəqillik əldə etdikdən sonra Azərbaycan neft-qaz sektoruna böyük məbləğdə xarici investisiyalar cəlb etmişdir ki, bu da sənayenin digər sahələrinin yenidən canlanmasına təkan vermişdir. Həmin dövrdə, bazar iqtisadiyyatına keçid siyasətinin bir hissəsi kimi, əksər sənaye müəssisələrinin özəlləşdirilməsi həyata keçirilmişdir.

2003-cü ildən etibarən Azərbaycanda surətli sənaye artımı müşahidə olunmuş, sənaye istehsalı üçün həyati əhəmiyyət kəsb edən enerji təminatı məsələlərinin həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Azərbaycan təbii qaz və elektrik enerjisi idxalçısından ixracatçıya çevrilmiş, sənayenin infrastruktur təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır. Düşünülmüş neft-qaz strategiyasının reallaşdırılması ölkənin dayanıqlı maliyyə resurslarının formalaşmasına və bununla da mövcud sənaye potensialından səmərəli istifadə imkanlarının genişləndirilməsinə şərait yaratmışdır.

Görülən işlər nəticəsində sənaye yeni inkişaf mərhələsinə qədəm qoymuş, bu mərhələnin başlanğıcı olaraq 2014-cü il dövlət başçısı cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında “Sənaye ili” elan edilmişdir.


Şəkillər

|