2014-cü il Azərbaycan Respublikasında
"Sənaye ili" elan edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
E-sənaye portalı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.
"Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın təqdimatı keçirilmişdir
Fevralın 12-də Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın təqdimatı keçirilmişdir.
Tədbirdə aidiyyəti dövlət orqanlarının, müəssisə və təşkilatların, sənaye sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak etmişdir.
Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov Azərbaycanda uğurla davam etdirilən hərtərəfli inkişaf strategiyasına uyğun olaraq, qeyri-neft sənayesinin inkişaf etdiyini, onun ixrac imkanlarının genişləndiyini və əhalinin sosial rifahının daha da yaxşılaşdığını diqqətə çatdırmışdır.
Ötən 2014-cü ilin ölkəmizdə "Sənaye ili" elan edildiyini qeyd edən nazir müavini görülmüş işlər barədə də məlumat vermişdir. Diqqətə çatdırılmışdır ki, 2014-cü ildə ölkədə 230-dan çox yeni sənaye müəssisəsi açılmış, mövcud sənaye müəssisələrinin istehsal gücləri genişləndirilmişdir. Azərbaycanda sənaye parklarının və sənaye məhəllələrinin yaradıldığını qeyd edən Niyazi Səfərov sənaye müəssisələri yaradılarkən ən qabaqcıl texnologiyaların tətbiq edildiyini xüsusi vurğulamışdır.

Təqdimatı keçirilən "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın əhəmiyyətini bir daha diqqətə çatdıran Niyazi Səfərov Proqramın strukturu, əsas məqsədləri, vəzifələri, nəzərdə tutulan tədbirlərin istiqamətləri barədə geniş məlumat vermişdir. Vurğulanmışdır ki, Dövlət Proqramı qarşıdakı illərdə sənayenin inkişaf istiqamətlərini müəyyənləşdirməklə, bu sahədə qarşıya qoyulmuş məqsədlərə nail olunmasına yönəlmişdir. Dövlət Proqramında sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, elmtutumlu və innovativ istehsalın genişləndirilməsi, yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanması kimi mühüm məqsədlər irəli sürülmüşdür. Proqramda sənayenin rəqabət qabiliyyətinin artırılması və potensialının gücləndirilməsi, sənaye zonaları və klasterlərinin qurulması, kadr potensialının və elmi təminatın gücləndirilməsi, sənaye müəssisələrinin fəaliyyətinin dəstəklənməsi və s. olmaqla 24 istiqamət müəyyənləşdirilmişdir. Proqramının həyata keçirilməsi qeyri-neft sənayesinin modernləşməsi və diversifikasiyasına, sənaye məhsullarının ixracının artımına, sənaye istehsalında regionların payının yüksəlməsinə, yeni iş yerlərinin yaradılmasına, sənaye müəssisələrinin sənaye zonalarında cəmləşməsinə xidmət edəcək.

Tədbirdə həmçinin, İqtisadiyyat və Sənaye Nazirliyinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun, eləcə də özəl şirkətlərin nümayəndələri sənayenin inkişafı və Dövlət Proqramının icrası ilə bağlı qarşıda duran vəzifələrə dair məruzələrlə çıxış etmişlər.

Şəkillər

|